Dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün bir çox beynəlxalq təşkilatlar yaradılmışdır və onlardan da bir çoxu nüfuzlu beynəlxalq qurumlar hesab edilir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, həmin beynəlxalq qurumlar bəzi hallarda ya normal fəaliyyət göstərmir, ya da bəzi ölkələrin qanunsuz hərəkətlərinə seyirci münasibət göstərir. Məhz bu laqeydliyin nəticəsidir ki, artıq 27 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları BMT-nin 4 qətnaməsinə baxmayaraq, hələ də işğaldan azad olunmayıb. Halbuki həmin qətnamələrdə erməni hərbi birləşmələrinin qeyd-şərtsiz işğal etdikləri Azərbaycan torpaqlarından çıxarılması, işğal nəticəsində yurd-yuvalarından məcburi köçkün düşmüş bir milyon əhalinin öz əvvəlki yaşadıqları ərazilərə qaytarılması tələb olunurdu. 21 sentyabr 2020-ci il tarixdə Qoşulmama hərəkatının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən videokonfransında ölkə başçımız bir daha diqqəti Ermənistanın cəzasızlıq situasiyasından ruhlanaraq Azərbaycanın digər ərazilərini ilhaq etmək niyyətinə düşməsinə yönəltdi. Cənab İlham Əliyev çıxışı zamanı vurğuladı ki, Ermənistan nə beynəlxalq qurumların qərarlarına məhəl qoyur, nə də beynəlxalq hüququn tələləblərini yerinə yetirmir. Əksinə, Ermənistan daim Azərbaycanın qanunla təsbit olunmuş sərhədlərində təxribatlar törədir, sərhəd yaxınlığında yerləşən yaşayış məntəqələrini atəşə tutur, əzəli və əbədi torpaqlarımızda qeyri-qanuni məskunlaşma aparır ki, bu da beynəlxalq hüququn ermənilər tərəfindən kobud şəkildə ayaqlar altına atılması deməkdir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan sülh yolu ilə işğal altındakı Azərbaycan torpaqlarını azad etmək niyyətində deyirlər. Belə olan təqdirdə Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad etməkdən başqa digər çıxış yolu qalmır. Ölkə rəhbəri bütün çətinliklərə baxmayaraq, daim bu münaqişənin sülh yolu ilə həll edilməsinə çalışmışdır. Lakin bütün bu xoş niyyətlərə baxmayaraq, Ermənistan özünün riyakar, ikiüzlü, mənfur siyasətini davam etdirməkdədir. Onlar anlayırlar ki, mütləq işğal etdikləri Azərbaycan torpaqlarından çıxmaq məcburiyyətində qalacaqlar. Ancaq yenə də son olaraq ölkəmizdən nə isə bir şey qoparmaq xəyalları ilə yaşayırlar. Anlamaq istəmirlər ki, Azərbaycan öz torpaqlarının bir santimetrini də onlara güzəştə getməyəcək. Əks təqdirdə, Azərbaycan qədim İrəvanın da azad edilməsini qarşısına məqsəd qoyacaq və bu da demək olar ki, Ermənistan adlı qondarma bir dövlətin dünya xəritəsindən silinməsi ilə nəticələnəcəkdir. Kənan Quliyev,Xocalı rayon gənci